CƏMİYYƏT


Cari ilin dörd ayında 47,8 min nəfərə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Bakı, 17 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və gənclər üçün peşəyönümü tədbirləri cari ilin dörd ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yanvar-aprel aylarında nazirlik tərəfindən 1 603 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 1 547 nəfər və nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 56 nəfər) şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Kurslarda vətəndaşlara kompüter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, bərbər və s. peşələr öyrədilib. Kurslara cəlb edilənlərin 132 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Peşə hazırlığı və əlavə təhsil kurslarını başa vurduqdan sonra məzunlara peşə şəhadətnamələri verilib.

Qeyd olunan dövrdə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərinə isə əsasən yuxarı sinif şagirdlərindən ibarət 46 min 161 nəfər gənc cəlb edilib. Bir sıra hallarda valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində gənclərin düzgün peşə və ixtisas seçiminin onların gələcəkdə əmək bazarına inteqrasiyasında mühüm amillərdən olduğu vurğulanıb. Tədbirlərdə iştirakçılara əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.