REGİONLAR
Cari ilin ilk yeddi ayında Bərdədə 381 nəfər işlə təmin olunub
Bərdə, 12 avqust, AZƏRTAC
Bərdə rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə cari ilin 7 ayında mərkəzə müraciət edən 1515 nəfər işaxtarandan 381-i idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Vətəndaşlar əsasən qaz istismar və magistral qaz kəmərləri sahələrində, suvarma sistemləri, meşə mühafizəsi müəssisəsində və kommunal müəssisələri kombinatında işlə təmin olunublar. Sözügedən dövrdə 91 nəfərə işsiz statusu verilib, 114 nəfərə müavinət ödənilib.
Hazırda rayonun idarə və müəssisələrində 64 vakant iş yeri var. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə sentyabr ayında növbəti əmək yarmarkası keçiriləcək.
Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrasına uyğun olaraq, özünüməşğulluq proqramı çərçivəsində cari ildə rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün onların aktivlərlə (mal və materiallarla) təminatı işləri də həyata keçirilib. İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.