İQTİSADİYYAT
“CaspianAgro 2017” kənd təsərrüfatında innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradacaq
Bakı, 2 may, AZƏRTAC
Bu il mayın 17-dən 19-dək Bakı şəhərində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi keçiriləcək.
İteca Caspiandan AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “CEO” (“Caspian Event Organisers”) şirkəti çıxış edir.
“CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribüterləri iştirak edəcəklər. Sərgidə Çin, Gürcüstan və Niderland Krallığı öz milli pavilyonları ilə təmsil olunacaq. Bu il debütantların arasında İpək Yolu üzərində yerləşən Ciangşi (Çinin cənub hissəsi) vilayətini təmsil edən Çin şirkətləri var.
Həmçinin bu il ilk dəfə olaraq Niderland Krallığı sərgidə tərəfdaş ölkə qismində çıxış edəcək.
Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə etməklə, bir sıra innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradacaq. Bu innovasiyalara quşçuluq fabrikləri, istixanalar, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir.
Bu il sərgidə suvarma sistemləri və son illər Azərbaycanda sürətlə inkişaf edən pambıqçılıq sahəsi üçün kənd təsərrüfatı texnikası daha geniş tərkibdə nümayiş olunacaq. Sərginin “Laboratoriya avadanlıqları” sektorunda mikroskoplar, aparatlar və kənd təsərrüfatında məhsuldarlığı artırmaq və bitkilərin çəkisindən tutmuş, zərərvericilərə yoluxma dərəcəsinə, eləcə də rütubət tərkibinin faiz göstəricisinin öyrənilməsinədək bir sıra digər amilləri müntəzəm araşdırmaq üçün nəzərdə tutulmuş laboratoriya cihaz və avadanlıqları təqdim ediləcək.
Aqrar sektora öz xidmətlərini təklif edən istehsalçı, distribüter və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 40 faizini əhatə edəcək. Bundan başqa, ənənəvi olaraq, “CaspianAgro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün infoturlar təşkil olunacaq.
Beləliklə, “СaspianAgro 2017” sərgisi iştirakçılara elm və texnikanın ən son nailiyyətləri ilə tanışlıq imkanı yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımi şəraiti təmin edəcək.