CƏMİYYƏT
“Caspian Ecology 2016” Beynəlxalq sərgisində 14 ölkədən 62 şirkət iştirak edəcək VİDEO
Bakı, 15 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Noyabrın 16-dan 18-dək Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi keçiriləcək. Azərbaycan Ekologiya və Təbii Sərvətlər və IDEA (International Dialogue for Environmental Action – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi tərəfindən dəstəklənən sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin rəisi Rasim Səttarzadə sərgi ərəfəsində keçirilən mətbuat konfransında çıxış edərək, onun əhəmiyyətindən danışıb. O bildirib ki, sərginin əsas məqsədlərindən biri insanların diqqətini ətraf mühit problemlərinə cəlb etməkdir. Şöbə rəisi vurğulayıb ki, bu sərgi Xəzər və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində təşkil edilən ən iri tədbirdir. Burada ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə sahəsində innovativ layihələr kompleks şəklində təqdim edilir.
R. Səttarzadə beynəlxalq sərginin iştirakçıları haqqında da ətraflı informasiya təqdim edərək bildirib ki, “Caspian Ecology 2016” 14 ölkədən, o cümlədən Azərbaycan, Böyük Britaniya, Almaniya, Danimarka, Çexiya və s. ölkələrdən 62 şirkəti bir məkana toplayacaq. O deyib: “Çexiyanın “Arkon Flow Systems”, Litvanın “Blucast JSC”, Türkiyənin “Dikkan” şirkətləri sərgidə ilk dəfə iştirak edirlər. Yerli iştirakçılardan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Caspian Ecology - Azertexnolayn LLC”, “Aspipe”, BP, “EKOL” “Engineering Services CJSC”, “Polymart LLC”, “SOCAR”, “SOCAR Polymer”, “SOCAR – CNG”, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti və başqalarının adlarını sadalamaq olar”.
Sərginin meneceri Jalə Məmmədova bildirib ki, “Caspian Ecology 2016” sərgisində təbii ehtiyatlardan səmərəli istifadə sahəsində layihələr, bərk məişət tullantılarının toplanması və emalı üçün sistemlər nümayiş etdiriləcək. Debütantlar tullantılardan istifadə və onların emalı üçün avadanlıq, sutəmizləmə sistemləri və bir çox digər yeniliklər təqdim edəcəklər. Bundan əlavə, “Caspian Ecology 2016” beynəlxalq sərgisi işgüzar əlaqələrin genişlənməsinə, təcrübə mübadiləsinə, yeni avadanlıq və sahəvi meyillərlə tanışlığa kömək edəcək, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işə əlavə təkan verəcək”.