İQTİSADİYYAT
Caspian European Club və Caspian American Club-da insan resurslarının strateji rolundan danışılıb
Bakı, 22 fevral, Elvira Məmmədova, AZƏRTAC
Fevralın 22-də Bakıda Caspian European Club (Сaspian Business Club) və Caspian American Club çərçivəsində “Şirkət hədəfləri və insan resurslarının strateji rolu” mövzusunda seminar təşkil olunub. Seminarı “Barattson School of Business and Finance” tədris mərkəzinin nümayəndəsi Orxan İsayev aparıb.
“HR Consultant” kursunun (kurs haqqında məlumat: http://bit.ly/2jEFaES; http://bit.ly/2irZL16) bir hissəsi olan seminar Azərbaycanda ilk dəfə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar çərçivəsində HR-mütəxəssislər HR-sisteminin yaradılması və təkmilləşdirilməsinin yolları və auditin təşkili barədə praktik biliklər əldə ediblər.
Seminar zamanı iştirakçılar simulyativ şirkət misalında HR-sistemi ilə bağlı strategiya, siyasət, prosedur və digər normativ sənədləri hazırlamaq və auditin aparılmasını həyata keçirmək imkanı qazanıblar.
Orxan İsayev Azərbaycanda və onun hüdudlarından kənarda HR-konsultant olaraq qazandığı təcrübəni seminar iştirakçıları ilə bölüşüb.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. Caspian European Club-un sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur. Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdur.
Seminarda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.