İQTİSADİYYAT


“Caspian European Club”un idarə heyətinin yeni tərkibi elan edilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də “Caspian European Club”un (Caspian Business Club) idarə heyətinin yeni tərkibdə ilk iclası keçirilib.

“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, iclasa sədrlik edən klubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev yeni üzvlərin seçilməsi münasibətilə idarə heyətini təbrik edərək, 2017-ci ilin payızınadək həyata keçirilməsi vacib olan strategiya, yeni layihə və vəzifələr barədə danışıb.

Bildirilib ki, idarə heyətinə seçkilər iyunun 13-dən sentyabrın 13-dək klubun saytında (www.caspianenergy.org) keçirilib. Səsvermə hüququna yalnız qeydiyyatdan keçmiş iştirakçılar – “Caspian European Club”un üzvləri sahib idilər. Bundan əlavə, 1000-dən çox səs toplamış hər bir namizəd “Caspian European Club”un idarə heyətinin tərkibinə daxil olmaq imkanı əldə edib.

Qeyd olunub ki, “Caspian European Banking Club”, “Caspian European Tourism Club” və “Caspian European Auto Club”a rəhbərlik etmək üçün iştirakçılardan heç kim yetərli miqdarda səs toplamayıb. Gənc sahibkarlarla iş üzrə komitənin rəhbər vəzifəsi də vakant olaraq qalıb.

Telman Əliyevin bildirib ki, sahə klublarının prezidentlərinin sədrliyi ilə ayda iki dəfə dəyirmi masa formatında iclaslar təşkil olunacaq. Dövlət qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək görüşlər çərçivəsində şirkət rəhbərləri öz fəaliyyətləri, problemləri və onların həlli yolları barədə məlumat verəcəklər.

“2017-ci ildə “Caspian European Club” 15 illik yubileyini qeyd edəcək. Bundan əlavə, gələn ilin martında “Caspian European Club”un dəstəyi ilə çap olunan “Caspian Energy” jurnalının 100-cü nömrəsi nəşr olunacaq. İdarə heyətinin üzvlərinin təklifinə görə, Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin prezidentləri və baş nazirləri ilə görüşlər yenidən bərpa ediləcək. Əsas diqqət Azərbaycan, Qazaxıstan və Gürcüstanın dövlət qurumları ilə birgə biznes-forumların təşkilinə yönəldiləcək. Bu biznes-forumların işində “Caspian European Club”un üzv şirkətlərinin rəhbərləri ilə bərabər həmin ölkələrdə təmsil olunan diplomatik korpus nümayəndələri, beynəlxalq maliyyə institutlarının və müvafiq assosiasiyaların nümayəndələri də fəal iştirak edirlər”, - deyə T.Əliyev vurğulayıb.

Klubun sədrinin birinci müavini və baş icraçı direktoru dekabrın 7-də Bakıda təşkil olunacaq və dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndənin iştirak edəcəyi “Caspian Energy Forum – 2016”nı klub çərçivəsində bu ilin əlamətdar hadisəsi adlandırıb. Həmin forum Azərbaycanda keçirilən islahatların ilkin nəticələrinə həsr ediləcək. Tədbirdə Azərbaycan Prezidentinə “İlin islahatçısı” nominasiyasında Beynəlxalq “Caspian Energy Award – 2016” mükafatı təqdim olunacaq. Telman Əliyev idarə heyətinin üzvlərini sponsor və spiker qismində “Caspian Energy Forum – 2016”da iştirak etməyə dəvət edib.

Tədbirin sonunda idarə heyətinin üzvləri 26 nəfəri açıq səsvermə yolu ilə sahə klublarının və işçi komitələrin yeni rəhbərləri seçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.