İQTİSADİYYAT


“Caspian Motor Show” sərgisində avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyalar nümayiş olunacaq

Bakı, 12 may, AZƏRTAC

Bakıda keçiriləcək “Caspian Motor Show” sərgisində avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyalar nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 12-də "ITF Group" (International Trade Fairs Group) şirkəti tərəfindən iyunun 28-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Motor Show” beynəlxalq avtomobil sərgisinə həsr olunmuş mətbuat konfransında “ITF Group” şirkətinin direktoru Ağahəsən Mürtəci deyib.

O bildirib ki, sərginin keçirilməsində əsas məqsəd avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyaların nümayişi, Azərbaycanda avtomobil sənayesinə marağı olan investorların cəlb edilməsi, ölkəyə investisiya axınının təmini və istehsalatın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılmasından ibarətdir.

A.Mürtəci vurğulayıb ki, “ITF Group” bu günədək 200-ə qədər sərgi təşkil edib. Bakıda keçiriləcək "Caspian Motor Show" sərgisi isə Azərbaycanda avtomobil sənayesinin inkişafına və ölkə iqtisadiyyatına mühüm töhfə verəcək. Onun sözlərinə görə, cari il ərzində “ITF Group” şirkətinin təşkilatçılığı ilə paytaxtda ümumilikdə 4 sərginin keçiriləcəyi planlaşdırılır.

Qeyd edilib ki, sərgidə Almaniya, Koreya, Çin, İran və digər ölkələrin böyük istehsalçı şirkətləri iştirak edəcək. Sərgiyə qatılan xarici şirkətlərin Azərbaycanın avtomobil sənayesi ilə yaxından tanış olmaları, bu istiqamətdəki perspektivlərin üzə çıxarılması, yeni texnoloji nailiyyətlər sahəsində təcrübə mübadiləsinin artırılması üçün sərgi ilə yanaşı avtomobil üzrə mütəxəssislər, ekspertlər və tədqiqatçıların iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.