MƏDƏNİYYƏT
Cavanşir Cəfərov: Teatrımıza yeni musiqi alətlərinin alınması bu sahəyə göstərilən diqqət və qayğının təzahürüdür
Bakı, 4 may, Ceyhun Alışlı, AZƏRTAC
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün “Steinway & sons” firmasının istehsal etdiyi royal alınıb.
Bu barədə teatrın baş dirijoru, Xalq Artisti, professor Cavanşir Cəfərov AZƏRTAC-a müsahibəsində bildirib. O deyib: “Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrın simfonik orkestri üçün Avropanın aparıcı firmalarının istehsalı olan musiqi alətləri alınıb. Bu qiymətli və nəfis alətlərdə ifa etmək dünyanın bütün musiqiçilərinin ən böyük arzusudur. Bu gün isə bizə çox qiymətli “Steinway & sons” firmasının istehsalı olan royal təqdim olundu”.
Teatrda tez-tez xarici dirijor və vokalçıların çıxış etdiyini deyən sənətkar, teatrın yaradıcı heyətinin də milli musiqi mədəniyyətimizi xaricdə layiqli təmsil etdiyini bildirib.
Xalq Artisti deyib: “Teatrın yeni musiqi alətləri ilə təchiz edilməsini dövlətimizin başçısının milli mədəniyyətimizə qayğı və diqqətinin təzahürü kimi qiymətləndiririk. Opera və Balet Teatrının bugünkü yaradıcılıq uğurları, onun hərtərəfli maddi-texniki təchizatı, musiqi mədəniyyətimizi xaricdə təmsil edən istedadlı solistlərin və yaradıcı kollektivlərin fəal surətdə dəstəklənməsi də ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir. Bütün bunlar kollektivimizin üzvlərini ruhlandırır. Sevinirəm ki, yaradıcı heyətimiz incəsənətə xidmət etmək kimi müqəddəs missiyanı bundan sonra da böyük həvəslə yerinə yetirəcək”