İQTİSADİYYAT


Cavid Qurbanov: Cənub ilə Qərb arasında yeni logistik dəhliz yaradıla bilər

Tbilisi, 7 iyun, AZƏRTAC

Məqsəd Azərbaycanın təbii coğrafi mövqeyindən istifadə edərək beynəlxalq yüklərin ölkəmizin ərazisindən keçərək daşınmasına nail olmaqdır. İnanırıq ki, bununla Azərbaycanın beynəlxalq nüfuzu və iqtisadi imkanları daha da artacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov söyləyib. O deyib ki, yaxın vaxtlarda Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub və Qərb arasında yeni logistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb.

C.Qurbanov deyib: “Polşadakı Slavkov ərazisində bizim ölçülərə uyğun, yəni, 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yol üzərindən 72 milyon tona yaxın yük daşınır. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır. Astaradan Slavkova qədər yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Bu yol həm də yaxın və təhlükəsizdir. Yeni yol, eyni zamanda, Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu, həm də 14-cü dəhliz ola bilər”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.