ELM VƏ TƏHSİL
Cavidin həyatının İstanbul dövrü ilə bağlı materiallar muzeyə təqdim olunacaq
Bakı, 10 iyun, AZƏRTAC
Türkiyənin Ege Universitetinin professoru Ali Yavuz Akpınar və professor İbrahim Yıldırım Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində olublar.
Hüseyn Cavidin Ev Muzeyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı böyük şair və dramaturq Hüseyn Cavidin zəngin həyat və yaradıcılığından bəhs edib, ədibin əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq idi.
Professor İbrahim Yıldırım böyük şair və dramaturq Hüseyn Cavidin həyatının İstanbul dövrü ilə bağlı indiyə qədər ictimaiyyətə məlum olmayan materialları, professor Ali Yavuz Akpınar dahi sənətkarın İstanbulda çap olunmuş ilk şeirinə yazılmış rəyi muzeyə təqdim etmək niyyətində olduqlarını diqqətə çatdırıblar.