CƏMİYYƏT
Cəbhə bölgəsində dini radikalizmlə bağlı müzakirələr aparılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Horadiz şəhərində “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.
DQİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, qurumun Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Alı Alıyev tədbirdə çıxış edərək rayonda dini durumla bağlı məlumat verib. Dövlət-din münasibətlərinə toxunan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan dövləti dinə, dindarlara hər zaman diqqət və qayğı göstərməkdədir.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dini radikalizmlə mübarizə tədbirlərindən danışıb. Səyyad Salahlı çıxışında dövlət-din münasibətlərindən, ölkəmizdə milli mənəvi və İslami dəyərlərin qorunması, təbliği sahəsində görülən işlərdən bəhs edib. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb.
Tədbir iştirakçıları çıxışlarında dindarlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.