REGİONLAR
Cəbhə bölgəsində əhali dövlət sirlərinin qorunması ilə bağlı maarifləndirilir
Ağdam, 29 iyul, AZƏRTAC
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə "Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması" adlı layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində ictimaiyyət nümayəndələri və gənclərlə görüş keçirilib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəis müavini Elxan Feyziyev, Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev çıxış edərək “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə danışıblar. Bildirilib ki, cəbhə zonasında yaşayan sakinlər daim dövlətə və orduya dəstək olmalı, xüsusilə sosial şəbəkələrdə diqqətli olmalı, dövlət sirrini qorumalıdırlar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.