REGİONLAR
Cəbhə bölgəsində sahibkarlara güzəştli kreditlər verilib
Ağdam, 18 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə mayın 18-də Quzanlı qəsəbəsində keçirilən işgüzar forum çərçivəsində Ağdam və ətraf rayonlardan olan sahibkarlara 628 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, cins heyvandarlıq, arıçılıq, pambıqçılıq və sair sahələrin inkişafına yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Bildirilib ki, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
SKMF-nun icraçı direktorunun müavini Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində 320-yə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 31,7 milyon manat güzəştli kredit verildiyini, bu layihələrin reallaşdırılmasının 900-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını vurğulayıb. O, Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verərək, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq indiyədək 2000-ə yaxın məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 41 milyon manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) kredit verildiyini bildirib.
Diqqətə çatdırılıb ki, ümumilikdə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 36,8 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağdam rayonunun Əfətli kəndində güzəştli kredit hesabına maliyyələşdirilmiş “Qara inək fermer təsərrüfatı” MMC-nin cins iribuynuzlu müasir heyvandarlıq kompleksinə baxış keçirilib.
Qeyd edək ki, ötən ilin aprel ayında ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində “Qara inək fermer təsərrüfatı” MMC-yə ciddi ziyan dəymiş, çoxlu sayda mal-qara tələf olmuşdu. İqtisadiyyat Nazirliyinin SKMF tərəfindən təsərrüfata əlavə güzəştli maliyyə dəstəyi göstərilib və təsərrüfat fəaliyyətini bərpa edib.