REGİONLAR


Cəbhə bölgəsində yaşayan uşaqlara bayram sevinci bəxş edilib

Tərtər, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə respublikamızın bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən rayonlarda da bayram şənlikləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Tərtər şəhərindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar iştirak ediblər. Tədbir Seydimli kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların “Sülhə səs verin” şeiri ilə başlanıb. Havaya sülh göyərçinləri və şarlar buraxılıb.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. Bildirib ki, dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Qeyd edilib ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva daim uşaqlara diqqət və qayğı göstərir.

Uşaqların ifasında maraqlı konsert proqramı ilə davam edən tədbirdə balacalara hədiyyələr paylanılıb.

x x x

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Ağdam rayonunda fəaliyyət göstərən uşaq bağçalarında da qeyd olunub.

Rayonun cəbhə xəttində yerləşən Evoğlu kənd uşaq bağçasında keçirilən tədbirdə uşaqlara bayram sevinci bəxş edilib. Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova və başqaları uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.

Tədbirdə uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyub, səhnəcik göstərib, rəqs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.