REGİONLAR
Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti-quruculuq işləri geniş vüsət alıb
Tərtər, 30 yanvar, AZƏRTAC
Keçən il erməni silahlılarının cəbhədə törətdikləri təxribatlara baxmayaraq, Tərtər şəhərində tikinti, abadlıq və quruculuq işləri davam etdirilib, infrastruktur layihələri həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında məlumat verilib.
Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Həsənovun məruzəsində bildirilib ki, ötən il Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Kənd Təsərrüfatı İdarəsi üçün yeni binaların, 100 yerlik uşaq bağçasının və şahmat məktəbinin tikintisi başa çataraq istifadəyə verilib, erməni silahlı qüvvələrinin aprel ayında artilleriya atəşi nəticəsində dağılmış mülki əhaliyə məxsus evlər bərpa edilib. Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və giriş blokları rənglənib. Prospekt və küçələr asfaltlanıb, təmir-abadlıq işləri aparılıb. “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası başa çatıb. Şəhər ərazisində müxtəlif gücdə 37 komplekt transformator məntəqəsi tikilib.
Hazırda tarix-diyarşünaslıq muzeyinin inşasında son tamamlama işləri aparılır, Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır.
Yığıncaqda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, dövlətimizin başçısı ötən il rayona iki dəfə səfər edib, “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” və “Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.
Diqqətə çatdırılıb ki, Tərtərin sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işləri, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, cari ildə qarşıda duran vəzifələrdən danışıblar.