ORDU
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin mənəvi-psixoloji hazırlıq səviyyəsi yoxlanılır
Bakı, 29 yanvar, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən nazirin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar birlik və birləşmələrin şəxsi heyəti ilə görüşülər keçirərək vəziyyətlə yerində tanış olub, hərbi qulluqçuların günün nizam qaydalarına uyğun fəaliyyəti və sosial-məişət şəraiti ilə maraqlanıblar.
Bütün birlik və birləşmələrdə müxtəlif kateqoriyalardan olan şəxsi heyətlə keçirilən görüşlərdə hərbi qulluqçuların vətənpərvərlik ruhu, qalibiyyət əzmi, döyüş hazırlığı və maddi-texniki təminatı yüksək qiymətləndirilib.
Aparılan söhbət zamanı şəxsi heyətin üzvləri doğma yurdumuzdan işğalçıları qovmaq üçün son damla qanlarınadək döyüşəcəklərini bildiriblər.