REGİONLAR
Cəbhə bölgəsinin məktəbliləri Lənkəran-Lerik-Astara marşrutu üzrə tur-aksiyaya başlayıblar VİDEO
Tərtər, 24 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Budəfəki aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulub.
AZƏRTAC xəbər verir ki, martın 24-də Tərtər şəhərində bu rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Lerik-Astara marşrutu üzrə yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını bildirib. M.Məmmədov hər bir bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, mətbəxi, coğrafiyası olduğunu vurğulayaraq, tur-aksiya iştirakçılarına getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar qazanmağı və mənalı istirahət arzulayıb.
Qrupun rəhbəri – rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov AZƏRTAC-a müsahibəsində deyib: “Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə səyahətlərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Cəbhə bölgəsində yaşayan tərtərli məktəblilər bu gün Lənkəran, Lerik və Astara rayonlarına yola düşürlər. İnanıram ki, bu rayonların təbiəti, tarix və mədəniyyət abidələri, digər görməli yerləri ilə yaxından tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, onların Vətənini, dövlətini sevən bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq”.
Tərtər şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirsalman Qasımzadə tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Bu günü səbirsizliklə gözləmişəm. Şagirdlərlə səfərə çıxmaq çoxdankı arzum idi. Səfər proqramımız olduqca zəngin və maraqlıdır. Gəzəcəyim hər yer, görəcəyim hər şey mənim üçün böyük yeniliklərlə yadda qalacaq. Bu səfərdən çox şey öyrənəcəm”.
Güləbatlı kənd tam orta məktəbin şagirdi Füruzə Böyükzadə isə fikirlərini belə ifadə edib: “Bu gün ölkəmizin gözəl guşələrindən birinə yola düşürük. Xüsusən çay plantasiyalarını, sitrus meyvə bağlarını, Hirkan Milli Parkını, bu yerlərin tarixi abidələrini görməyə səbirsizlənirəm. Bizim üçün yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.