REGİONLAR
Cəbhə kəndində əhalinin problemlərinin həlli diqqət mərkəzindədir
Rayonun digər cəbhəyanı kəndləri kimi, Qapanlı kəndində də Ermənistan hərbi birləşmələri tərəfindən atəşkəs rejimi tez-tez pozulur. Lakin buna baxmayaraq kənddə vəziyyət sabitdir. Həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, təmas xəttinə yaxın məsafədə yerləşən kəndlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Qapanlı kəndində hər bir evə içməli su və telefon xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Kənddə 240 şagird yerlik orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər bərpa edilib, kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Hazırda kənd yolunun asfaltlanması davam etdirilir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək, cəbhəyanı kəndlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.