REGİONLAR
Cəbhə kəndinin sakinlərinin müraciətləri dinlənilib
Tərtər, 27 may, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirakı ilə növbəti görüş Qaraağacı kəndində keçirilib.
Kənd sakinlərindən Qurban Əliyev, Duman Əsədov, Əlövsət Əliyev, Mobil Quliyev və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasına görə razılıqlarını bildirib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Qaraağacı kənd tam orta məktəbinin əsaslı təmir olunmasına, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə subartezian quyularının qazılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.