REGİONLAR
Cəbhə xəttində yerləşən kənddə məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər müəllim və şagirdləri yeni tədris ilinin başlanması və məktəbin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə təbrik edib, cəbhə bölgəsində yerləşən kəndlərə göstərilən dövlət qayğısından, təhsil sahəsində aparılan genişmiqyaslı islahatlardan danışıblar. Bildirilib ki, bu il Tərtər rayonunun cəbhə xəttində yerləşən Borsunlu və Qazyan kəndlərindəki tam orta məktəblər əsaslı təmir olunub, Rəcəbli kənd ümumi orta məktəbi üçün yeni bina tikilib. Tərtər şəhər 5 və 6 nömrəli tam orta məktəblərinin dam örtüyü dəyişdirilib.
Mərasimdə çıxış edən müəllim, şagird və kənd sakinləri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Milli Məclisin deputatı Sahib Alıyev və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəbin açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra mərasim iştirakçıları təhsil ocağında yaradılan şəraitlə tanış olublar.