REGİONLAR
Cəbhə zonasında yerləşən kəndlərin problemləri həll olunur
Tərtər, 13 oktyabr, AZƏRTAC
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti nümayəndələrinin cəbhə zonasında yerləşən Borsunlu kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin, xüsusən də təmas xəttində yerləşən kəndlərdə sakinlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə sakinlər kəndin küçələrinə gecə işıqlandırılma sisteminin çəkilməsinə, evlərin telefonlaşdırılmasına, hazırda qaz çəkilişinin davam etdirilməsinə görə razılıqlarını bildirib, eyni zamanda, mövcud olan bəzi problemlərdən də söz açıb, arzu və təkliflərini diqqətə çatdırıblar. Kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, kəndə gələn əsas yola asfalt örtüyünün salınmasına ehtiyac olduğu vurğulanıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlər qarşısında çıxış edərək bildirib ki, düşmənlə bir addımlıqda yerləşən Borsunlu kəndində səyyar qəbul-görüşün keçirilməsində məqsəd burada yaşayan əhalinin problemlərini öyrənmək və onların həllinə nail olmaqdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.