SİYASƏT


Cəbhəboyu zonada yeni hərbi şəhərciyin açılışı olub VİDEO

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanının Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ordunun keçən ilin aprel ayında keçirdiyi əks-həmlə əməliyyatına və ümumilikdə fəaliyyətinə yüksək qiymət verməsi şəxsi heyəti yeni uğurlara sövq edir.

Dövlət başçısının Ordumuzun nailiyyətləri haqqında söylədiyi xoş sözlər və göstərdiyi yüksək diqqətin nəticəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada inşa edilmiş daha bir yeni hərbi şəhərciyin açılışında iştirak edərək qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlər ilə tanış olublar.

Bildirilib ki, tikintisi 2014-cü ilin iyun ayında başlanan hərbi şəhərcik 35 hektar ərazidə yerləşir. Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa edilib. Burada hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var.

Şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət 9 əsgər yataqxanası tikilib. Burada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.

Ailəli və subay hərbi qulluqçular üçün təmirli və kommunikasiya xətləri çəkilmiş iki və üçotaqlı mənzillərdən ibarət 5 yaşayış binası inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub.

Hərbi qulluqçulara ixtisaslı tibbi yardımın göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 30 çarpayılıq tibb məntəqəsi də tikilib.

Şəxsi heyətin dolğun qidalanması üçün mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları olan geniş yeməkxana da istismara verilib. Yeməkxana kompleksində çörək və şirniyyat məmulatlarının bişirilməsi sexi də fəaliyyət göstərir.

Hərbi hissədə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul evi də inşa edilib.

Şəhərcikdə müasir avadanlığın quraşdırıldığı hamam-camaşırxana və qazanxana kompleksi fəaliyyət göstərir. Burada bir buxar qazanxanası, iki transformator yarımstansiyası da istifadəyə verilib. Ərazidə hər birinin həcmi 500 kubmetr olan 2 su anbarı da yaradılıb.

Bundan başqa, hərbi hissənin ərazisində 600 yerlik klub və idman şəhərciyi də istifadəyə verilib.

Hərbi şəhərcikdəki şəraitlə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.