REGİONLAR
Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək
Bakı, 20 oktyabr, AZƏRTAC
Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-22-də Bərdə və Tərtər, noyabrın 4-5-də isə Ağdam və Goranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd "Elektron hökumət", elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir.
RYTN Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən təşkil olunan seminarlar məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaflığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstək məqsədi daşıyır.
Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilərlər.