REGİONLAR
Cəbrayıl rayonunun Cocuq Mərcanlı yolunun asfaltlanması işlərinə başlanılıb VİDEO
Bakı, 15 mart, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən respublikanın 40 kənd və qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Onlardan biri də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yol çəkilişidir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Sözügedən yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrində isə bərpa işləri aparılır.
Layihəyə uyğun olaraq, yolboyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.
Məlumata əsasən, 5 kilometrlik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.
Qalan 4 kilometrlik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yolboyu ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Ümumilikdə yolun təqribən 68 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa, yolboyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1,5 metr təşkil edəcək.
Tikinti işləri tam olaraq tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd olunub ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini xeyli asanlaşdıracaq.