SİYASƏT
Cəbrayıl sakinləri Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncama görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər
Bakı, 4 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam bu kəndin sakinləri ilə yanaşı, bütün cəbrayıllıların böyük sevincinə səbəb olub. Onlar dövlətimizin başçısının bu qərarını işğal altındakı torpaqlarımıza qayıdışın başlanğıcı kimi dəyərləndirirlər.
AZƏRTAC-a müsahibələrində Cəbrayıl sakinləri Prezident İlham Əliyevin bu Sərəncamını alqışladıqlarını, doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirir, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.
Fəxrəddin Rəhimov: İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, doğma yurdumuza qayıtmaq bizim ən böyük arzumuz idi. Prezident İlham Əliyevin bu Sərəncamı imzalaması arzumuzu reallaşdırdı. Bu gün biz tam arxayın qayıdıb öz torpaqlarımızda yaşaya bilərik. Ordumuzun qüdrəti bizə doğma yurdumuzda əmin-aman yaşamağa stimul yaradır.
Teymur Allahverdiyev: Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bütün xalqımızı fərəhləndirən hadisədir. Bu, böyük bir yolun başlanğıcıdır. Bu Sərəncamı tariximizin şanlı səhifəsi olan aprel döyüşlərinin uğurlu nəticəsi hesab edirik. İnanırıq ki, Cocuq Mərcanlıdakı kimi, tezliklə Şuşada da bərpa işlərinə başlayacağıq.
Elsevər Kalbaliyev: Azərbaycan Prezidentinin bu qərarı uğurlarımızın başlanğıcından xəbər verir. Əminik ki, Prezident İlham Əliyev tezliklə bir çox belə sərəncamlar verəcək. Bu Sərəncamın həm də böyük bir rəmzi mənası var. Bu, o deməkdir ki, bu gün biz əgər Cocuq Mərcanlıya qayıdırıqsa, deməli, sabah tamamilə Cəbrayıla, ondan sonra Füzuliyə, Ağdama, Kəlbəcərə və işğal altında olan digər ərazilərimizə qayıdacağıq.
Əkbər Əhmədov: Bu Sərəncam nəinki Cocuq Mərcanlı sakinlərinin, bütün cəbrayıllıların ürəyindən xəbər verdi. Cocuq Mərcanlının bərpası ordumuzun düşmənə sarsıdıcı zərbələr vurmasının, minlərlə hektar torpağımızın işğaldan azad olunmasının əməli nəticəsidir. Cocuq Mərcanlının bərpası mənfur qonşularımız ermənilərə də bir mesaj oldu ki, bu torpaqların sahibi var.
Aygün Hüseynova: Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərarı bizdə böyük ruh yüksəkliyi yaratdı. Biz tam əminik ki, işğal olunmuş torpaqlarımız son qarışına kimi düşmən tapdağından azad ediləcək və bütün məcburi köçkünlər öz doğma torpaqlarımıza qayıdacaqlar. O gün uzaqda deyil.