MƏDƏNİYYƏT
Cəfər Cabbarlının anadan olmasının 115-ci ildönümü qeyd olunub
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və C.Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə filologiya elmləri doktoru, C.Cabbarlı irsinin araşdırıcısı Asif Rüstəmli ölməz sənətkarın Azərbaycan ədəbiyyatındakı, mədəniyyətindəki müstəsna xidmətlərindən söz açıb.
Yubiley mərasimində AYB-ın sədri, Xalq Yazıçısı Anar, qurumun katibi İlqar Fəhmi, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Yalçın Kaan, kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə və başqaları çıxış edərək ədibin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı mövqeyi, teatr, kino sahəsindəki fəaliyyəti haqqında danışıblar.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi və ədibin ev-muzeyinin birgə təsis etdikləri “Cəfər Cabbarlı” mükafatı təqdim olunub.
Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı Zərəngiz Mansurova da vardır.