SİYASƏT


Cəlil Xəlilov: Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında qərar mənasız qərardır

Bakı, 17 may, AZƏRTAC

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) səmərəli, sosial əhəmiyyətli fəaliyyəti fonunda Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı mənasız qərar təsiri bağışlayır. Bu qərar üçün rəsmi əsas ÜAK Nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması elan edilib. Bu, qeyri-məntiqi və qondarma qərardır. ÜAK Nizamnaməsini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq üçün bir neçə saat peşəkar hüquqi iş kifayətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, istefada olan polkovnik Cəlil Xəlilov söyləyib.

C.Xəlilov qeyd edib ki, 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlıları Konqresi yaradılıb. ÜAK Rusiya ərazisində 2 milyondan çox azərbaycanlını əhatə edən ictimai təşkilatları öz sıralarında birləşdirib. Konqres bu illər ərzində Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına kömək edib, həmvətənlərimizin Rusiya mədəniyyətinə, ənənələrinə və qanunlarına uyğunlaşmaşına fəal yardım göstərib, Rusiya azərbaycanlılarının təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsi məsələlərinə diqqət yetirib.

Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, Rusiya ilə tarixi əlaqələrə qayğı ilə yanaşırlar. Bu baxımdan Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin “hüquqi” addımını Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin sarsıdılması, ölkələrimizin xalqlarının bir-birindən uzaqlaşması üçün ermənipərəst dairələr tərəfindən provokasiya məqsədi ilə törədilən siyasi təxribat hesab edir. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və biz çox ümid bəsləyirik ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti kənarda durmayacaq və öz kəsərli sözlərini deyəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.