REGİONLAR
Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatlardan ibarət sərgi açılıb
Cəlilabad, 23 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonu tarixi, mədəniyyət və memarlıq abidələri, kurqanlarla, məbədlərlə, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Arxeoloji qazıntılar zamanı rayonun ərazisində aşkar edilən qədim dövrə aid eksponatlar, insanların həyat tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.
AZƏRTAC xəbər verir ki, yerli əhalinin köməyi və arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin hesabına hazırda muzeydə 2 minə yaxın eksponat sərgilənir.
Təkcə bu ilin son 4 ayında 154 ədəd maddi mədəniyyət nümunəsi muzeyə təhvil verilib. Bu eksponatlar içərisində nadir və maraqlı arxeoloji və etnoqrafik əşyalar diqqəti cəlb edir. Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır.
Keçən il muzeyə 2500 nəfər, bu ilin 4 ayında isə 700 nəfərə yaxın ziyarətçi gəlib. Burada nümayiş olunan müxtəlif tarixi dövrlərə aid silahlar, sikkə və pul nümunələri, dulusçuluq məmulatları, məişət əşyaları ziyarətçilərin böyük marağına səbəb olur.
Mayın 23-də muzeydə arxeoloji tədqiqatlar nəticəsində tapılan 154 ədəd yeni eksponatdan ibarət sərgi təşkil edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.
Qeyd edək ki, 7 bölmədən ibarət muzeydə təbiət, antik dövr, kənd təsərrüfatı, hərbi dövr, etnoqrafik, tunc dövrü bölmələri, həmçinin açıq səma altında muzey fəaliyyət göstərir.