CƏMİYYƏT


Cəlilabad rayon sakini 100 manatlıq saxta əsginasları satmaq istəyərkən cinayət başında saxlanılıb VİDEO

Bakı, 26 may, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başında saxlanılıb.

Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.

İlkin ifadəsi zamanı saxlanılan şəxs əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.

Qeyd edilən faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.