REGİONLAR
Cəlilabad rayonunun daha üç kəndinə təbii qaz verilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Cəlilabad rayonunun Seyidbazar, Hasıllı və Hacıismayıllı kəndlərinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 188 abonenti olan Seyidbazar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 126 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 188 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 83 abonenti olan Hasıllı kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 5 min 190 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.
70 abonenti olan Hacıismayıllı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 331 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 70 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.