CƏMİYYƏT
Cəlilabad və Lənkəran rayonlarında “Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın iştirakı ilə avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Ombudsman tərəfindən bu aylıq çərçivəsində müxtəlif silsilə tədbirlərin həyata keçirilməsi dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, vətəndaş cəmiyyətinə və icmalara tövsiyə edilir və bununla əlaqədar çoxsaylı işlər görülüb. Görülən işlər barədə BMT-nin Baş Katibliyinə, İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq qurumlara məlumatlar göndərilərək ölkəmizin sülh istəyi və sülhməramlı mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi “Sülh aylığı” ilə əlaqədar Cəlilabad Rayon Mərkəzləşmiş Kitabxana Sistemində, həmin rayon bələdiyyəsində, habelə Lənkəran rayonunun Girdəni və Havzava bələdiyyələrində silsilə tədbirlər keçirib. Bələdiyyələrin üzvləri, yerli icmaların və bölgədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri, fəal gənclər həmin tədbirlərə qatılıblar.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında 1981-ci ildən BMT-nin qərarına əsasən sentyabrın 21-nin dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəs rejimini pozaraq, sərhədyanı kəndlərimizə müxtəlif silahlardan atəş açmaqla mülki əhalimizə ciddi ziyan vurduğunu, dinc əhalini girov götürdüyünü, günahsız insanların həyatına təhlükə yaratdığını, onların yaşamaq, sərbəst hərəkət etmək və digər əsas hüquqlarını pozduğunu vurğulayıb.
Tədbirdə Ombudsman tərəfindən bununla əlaqədar, mütəmadi olaraq beynəlxalq qurumlara bəyanatlar, müraciətlər göndərildiyi diqqətə çatdırılıb.
“Sülh aylığı” ilə bağlı tədbirlər sentyabrın 21-dək davam etdiriləcək.