QAN YADDAŞI
Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Cəlilabad, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 24-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanışlıq olub.
Tədbirdə qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan şəhər darmadağın edilib və yandırılıb. Həmin vaxt üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən kəsilərək gülləbarana tutulub. İnsanların əksəriyyəti məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirilib.
Çıxışlarda erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətindən danışılıb, dünya birliyindən Xocalı faciəsinin səbəbkarlarının cəzalandırılması tələb olunub.
Həmin gün rayonun rəhbər işçiləri Göytəpə şəhərində məskunlaşmış Xocalı şəhər sakini Zakir Ələkbərovun ailəsi ilə görüşüblər.
Görüşdə düşmən tapdağı altında olan bütün torpaqlarımızın, o cümlədən Xocalı şəhərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına əminlik ifadə edilib.
Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında, rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib, rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri keçirilib.