REGİONLAR
Cəlilabadda aşkarlanan yararsız at əti zərərsizləşdirilib
Bakı, 11 may, AZƏRTAC
Cəlilabad rayonunda aşkarlanan at ətinin müayinəsi başa çatıb və yararsız ətlər zərərsizləşdirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-i axşam saatlarında Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Maşlıq kənd sakini Saqif Abbasova məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən, təsərrüfat sahibinin bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu müəyyən edilib. Fermada aşkarlanan antisanitar şəraitdə kəsilən 4 baş at cəmdəyindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ümumi çəkisi 600 kiloqram olan at əti Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə aşkarlanıb. Həmçinin nümunələrin kəsilmiş at əti olması və qida üçün, baytarlıq-sanitariya cəhətdən tam yararsız olması müəyyən edilib.
Laboratoriyanın müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan at ətinin zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq bakterioloji çirklənməyə məruz qalan at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.