REGİONLAR


Cəlilabadda barama, tütün və pambıq istehsalının genişləndirilməsi ilə bağlı sahibkarların təklifləri dinlənilib

Cəlilabad, 10 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Qax şəhərində barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı ümumrayon yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yığıncaqda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib edib ki, respublika müşavirəsində Prezident İlham Əliyevin proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası üçün cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, bütün rayon ictimaiyyəti səfərbər olunmalı, səmərəli iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik göstərilməlidir.

Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığına əsasən, Cəlilabad rayonunda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilib, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Ötən il rayonda əkilmiş 426 hektar pambıq sahəsindən 798 ton məhsul istehsal edilib. Bu il isə pambıq əkini 500 hektara çatdırılıb. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür.

Bildirilib ki, rayonda kənd təsərrüfatının mühüm sahələrindən olan baramaçılığın inkişafına da diqqət artırılıb. Bu məqsədlə Təzəkənd kəndində 10 min tut tingi əkilib. Bu il kümçülər tərəfindən 243 kiloqram barama istehsal edilib.

Diqqətə çatdırılıb ki, Cəlilabad rayonunda tütün, barama, fındıq və zeytun istehsalı üçün bütün lazımi şərait var. İxrac imkanları geniş olan bu sahələrin inkişaf etdirilməsi üçün rayon kənd təsərrüfatı idarəsi, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri müvafiq tədbirlər hazırlayıb həyata keçirməli və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərini gücləndirməlidirlər.

Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov, meliorasiya və su təsərrüfatı idarəsinin rəisi Mirhəsən Nəsirov, sahibkarlar Cəlal Əmirov, Rafael Nağıyev çıxış edərək, rayonda barama, tütün və pambıq istehsalının genişləndirilməsi ilə bağlı təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.