REGİONLAR
Cəlilabadda bələdiyyə vergilərinin poçt vasitəsilə ödənişinə başlanılıb
Cəlilabad, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda bələdiyyə vergilərinin poçt vasitəsilə ödənişinə başlanılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin Cəlilabad poçt filialının rəisi Vüsal Kərimov AZƏRTAC-a bildirib ki, artıq vətəndaşlar bələdiyyəyə aid vergiləri, o cümlədən torpaq, mülk-icarə və alqı-satqı ödənişlərini poçt şöbələrində həyata keçirə bilərlər.
“Əvvəllər belə ödənişlər bank vasitəsilə reallaşırdı. Bu isə vergilərin toplanmasında ləngimələrə səbəb olurdu. Bundan sonra kənd və qəsəbələrdə yaşayan sakinlər rayon mərkəzinə gəlmədən bütün növ ödənişləri poçt vasitəsilə keçirəcəklər”, - deyə V.Kərimov vurğulayıb.
Vüsal Kərimov, həmçinin qeyd edib ki, bununla bağlı bələdiyyələr hər bir vergi ödəyicisinə bildirişlər təqdim edəcək.
Qeyd edək ki, Cəlilabad rayonunda iki şəhər şöbəsi də daxil olmaqla, ümumilikdə 27 poçt şöbəsi fəaliyyət göstərir.