REGİONLAR
Cəlilabadda bir gündə səkkiz kəndin əhalisi təbii qazla təmin edilib
Cəlilabad, 30 noyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq noyabrın 30-da Cəlilabad rayonunun daha səkkiz kəndinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 3055 abonenti olan rayonun Ocaqlı, Üçtəpə, Babaxanlı, Bədirli, Allahverən, Çünzəli, Hacıcavad və Bəcrəvan kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 205 min 882 metr olan müxtəlif müxtəlif diametrli borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə yaşayış məntəqələrində keçirilən açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov və başqaları kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı Cəlilabad rayonunda uğurla yerinə yetirilir. Hazırda rayonda su-kanalizasiya, iri yol layihələri, yeni məktəblərin və uşaq bağçalarının tikintisi sürətlə davam etdirilir, şəhərin park və xiyabanlarında, küçə və prospektlərdə görülən tikinti, quruculuq və abadlıq işləri geniş vüsət alıb.
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində Cəlilabadda görülən işlər, həyata keçirilən layihələr əhalinin rahat, firavan yaşayışına xidmət edir. Diqqətə çatdırılıb ki, uzun illərdən sonra yaşayış məntəqələrinə “mavi yanacağın” verilməsi və bu hadisənin payız-qış mövsümünə təsadüf etməsi sakinlərin böyük sevincinə səbəb olub.
Kənd sakinləri əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və onların sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.