REGİONLAR
Cəlilabadda doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
Cəlilabad, 15 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İclasda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, bu ilin doqquz ayında rayonda iqtisadiyyatın bütün sahələri üzrə dinamik inkişaf təmin olunub, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, aqrar bölməyə dövlət dəstəyinin gücləndirilməsi nəticəsində bitkiçilik və heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılıb.
Qeyd olunub ki, doqquz ayda rayonda 156,1 min ton buğda, 18,8 min ton arpa, 5,3 min ton vələmir istehsal edilib. Əkin sahələrindən, həmçinin 3300 ton noxud, 586 ton mərci, 103221 ton kartof, 1223 ton tərəvəz, 9550 ton qarğıdalı, 496 ton bostan məhsulları və 8445 ton üzüm yığılıb. Payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görülüb, 1,9 min hektar vələmir, 2,3 min hektar noxud, 4 min hektar kartof, 437 hektar mərci, 305 hektar qarğıdalı, 294 hektar bostan və 125 hektar tərəvəz əkilib. Yaxın günlərdə isə taxıl əkininə başlanılacaq.
Məruzədə bildirilib ki, rayonda yaradılan “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülərək, 3710 ton keyfiyyətli məhsul istehsal olunub. Eyni zamanda, bu il ilk dəfə olaraq rayonun Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar sahədə pambıq əkilib, əlverişsiz hava şəraitinə baxmayaraq, indiyədək pambıq tarlalarından 273,5 ton yüksək keyfiyyətli məhsul toplanılıb. Hazırda pambıq yığımı davam etdirilir.
Doqquz ayda rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və davamlı baytarlıq tədbirləri nəticəsində heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Qaramalın sayı 99378 başa, davarların sayı 122962 başa, quşların sayı 862893 başa çatdırılıb, 16,9 min ton ət, 79,9 min ton süd, 27,9 milyon ədəd yumurta istehsal olunub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi fəaliyyətə başlayıb, Muğan kəndində gündə 5 ton bitki yağı istehsal edən müəssisənin tikintisi tamamlanıb, Uzuntəpə kəndində 50 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılıb. Hazırda Türkiyənin “Sutkar” şirkəti tərəfindən südlük-ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Göytəpə şəhərinin ərazisində çiyələk emalı müəssisəsinin yaradılması üçün Türkiyənin müvafiq şirkəti ilə razılaşma əldə olunub.
Tikinti-quruculuq işlərindən danışılarkən bildirilib ki, şəhərdə hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilib, İncilli kənd ümumi orta məktəbinin tikintisi başa çatdırılıb. Cəlilabad şəhərindəki 14 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub. Hazırda Göytəpə şəhərində leysan nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir.
Çıxışlarda əhalinin təbii qaz və içməli su ilə təminatı sahəsində görülən işlərdən də söz açılıb.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.