REGİONLAR


Cəlilabadda ilin birinci yarısının nəticələri müzakirə olunub

A+ A

Cəlilabad, 20 iyul, Bağır Əliyev, AZƏRTAC

Cari ilin birinci yarısında Cəlilabad rayonunda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə müvafiq olaraq sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi, tikinti-abadlıq işlərinin genişləndirilməsi, yeni iş yerlərinin açılması, elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya tədbirlərinin həyata keçirilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əsaslı təmiri və tikintisi sahələrində bir sıra işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 20-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.

Ötən altı ayın sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsində bildirilib ki, ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr qazanılıb. Dövlətimizin başçısının tapşırığına əsasən, rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılıb, bu məqsədlə 426 hektar sahədə pambıq əkilib.

Regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması barədə Prezidentin tapşırığının həyata keçirilməsi məqsədilə rayonda südlük və ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi, çiyələk emalı müəssisəsinin yaradılması, mərci və digər paxlalı bitkilərin konservləşdirilməsi və emalı üçün Türkiyənin müvafiq şirkətləri ilə razılıq əldə edilib. Hazırda Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağlarının istehsalı müəssisəsinin tikintisində son tamamlama işləri görülür. Müəssisəni xammalla təmin etmək məqsədilə 70 hektar ərazidə günəbaxan əkilib. Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexinin fəaliyyətə başlaması və Uzuntəpə kəndində 50 hektar ərazidə balıqçılıq təsərrüfatının yaradılması da bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.

Bildirilib ki, bu ilin altı ayında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, tikinti-abadlıq işləri və kənd yollarının təmiri davam etdirilib. Cəlilabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işinə gündəlik nəzarət edilməsi nəticəsində içməli su şəbəkəsi üzrə 93 faiz, su magistral xətti üzrə 95 faiz, kanalizasiya şəbəkəsi üzrə isə 90 faiz iş başa çatdırılıb. Hesabat dövründə Cəlilabad şəhərində hər biri 100 yerlik 3 uşaq bağçası-körpələr evi istifadəyə verilib, İncilli kənd ümumi orta məktəbinin tikintisi yekunlaşıb. Cəlilabad-Soltankənd avtomobil yolunun 21 kilometrinə, habelə Cəlilabad şəhərinin, Günəşli kəndinin küçələrinə asfalt döşənib, Kənd İnvestisiya Proqramı çərçivəsində Muğan, Komanlı, Şatırlı, Kövüzbulaq Üçtəpə, Kazımabad, Günəşli və Şiləvəngə kənd inzibati ərazi dairələrində kənddaxili yolların təmiri başa çatdırılıb.

Hazırda Cəlilabad şəhərindəki çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı şəkildə yenidən qurulur, Göytəpə şəhərində leysan yağışlar nəticəsində uçmuş 15 mənzilli yaşayış binasının sakinləri üçün fərdi yaşayış evləri inşa edilir.

Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad şəhərində 1620, Göytəpə şəhərində 320 paqonmetr yeni qaz xətti çəkilib, 46 abonent qazla təchiz edilib. Əliqasımlı, Komanlı, Həziabad Ağdaş, Sərhədabad, Əliabad və Məşədivəlli kəndlərinə təbii qaz verilişi bərpa olunaraq 2660 ailə “mavi yanacaq”la təmin edilib.

Hesabat yığıncağında çıxış edənlər ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.