REGİONLAR
Cəlilabadda ilk dəfə yeni üsulla çiyələk yetişdirilib
Cəlilabad, 11 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda bu il ilk dəfə yeni üsulla çiyələk yetişdirilib.
AZƏRTAC xəbər verir ki, rayon sakini Mirağa Həsənov çiyələk kollarını yerdə deyil, istixana şəraitində xüsusi qaydada hazırlanmış yerüstü yataqlarda əkib və artıq ilk məhsul əldə edib.
Yerli bazarda satışa çıxarılan çiyələyin qiyməti təsərrüfat sahibini qane edir. Hazırda bazarlarda çiyələyin bir kiloqramı 7-8 manata satılır.
Türkiyə və İtaliya təcrübəsi əsasında qurulmuş yeni çiyələk təsərrüfatının üstün xüsusiyyətlərindən bir də əkin yerinə qənaət edilməsidir. Əgər ənənəvi üsulla bir hektarda 60 min çiyələk şitili əkilirsə, yeni metodla eyni sahədə orta hesabla 200 min şitil basdırmaq mümkündür.
Təsərrüfat sahibi gələn il yeni üsulla becərilən çiyələk sahəsini genişləndirmək niyyətindədir.