REGİONLAR
Cəlilabadda kənd təsərrüfatının ənənəvi sahələri bərpa olunur
Cəlilabad, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 1-də Cəlilabad şəhərində Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Toplantıda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən noyabrın 1-nin ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq aqrar sahədə çalışanları əlamətdar gün münasibətilə təbrik edib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması sahəsində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışan Ə.Əzizov Cəlilabad rayonunda kənd təsərrüfatının dinamik inkişaf etdiyini, ənənəvi əkin sahələrinin bərpa olunduğunu diqqətə çatdırıb.
Çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həyata keçirilən tədbirlərdən və mövcud problemlərdən danışıb, ölkəmizdə məhsul bolluğu yaradılmasında aqrar bölmədə aparılan islahatların əhəmiyyətini yüksək dəyərləndirib və məhsul istehsalçılarına göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.