REGİONLAR
Cəlilabadda paxlalı bitkilərin istehsalı müəssisəsi tikilir
Cəlilabad, 16 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən il Cəlilabad rayonunda sənayedə ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 12 dəfə, 2015-ci illə müqayisədə isə 33,4 faiz artaraq 7,4 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cəlilabadda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Yığıncaqda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, 2016-cı il ölkəmizin bütün regionlarında olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişafın yeni mərhələsini təşkil edib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri genişlənib.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmə dinamik inkişaf edib. Ötən il rayonda 248 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 122 milyon manatı bitkiçiliyin, 126 min manatı isə heyvandarlığın payına düşür.
Bildirilib ki, “Avanqard” MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülərək 3710 ton keyfiyyətli məhsul istehsal olunub.
Sabirabad, Təzəkənd, Günəşli Qarazəncir, Əliqasımlı və Alar kəndlərinin ərazisində 426 hektar pambıq əkilib, əlverişsiz hava şəraitinə baxmayaraq, 794 ton yüksək keyfiyyətli məhsul toplanıb. Həmçinin baramaçılığın inkişaf etdirilməsi məqsədilə Təzəkənd kəndi ərazisində 1 hektar sahədə 10 min ədəd tut tingi əkilib. Bu il rayonda 500 hektarda pambıq və 1000 hektarda çuğundur əkini nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, hesabat ilində rayonda sosial məsələlərin həllinə də diqqət artırılıb, bir sıra yeni obyektlər tikilərək istifadəyə verilib. Hazırda Türkiyənin “Sutkar” şirkəti tərəfindən südlük-ətlik istiqamətli 500-1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin tikintisi davam etdirilir. Rayonda mərci, noxud və digər paxlalı bitkilərin istehsal müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Göytəpə şəhərinin ərazisində isə çiyələk emalı müəssisəsinin yaradılması üçün Türkiyənin müvafiq şirkətləri ilə razılıq əldə olunub.
Keçən il Əliqasımlı, Komanlı, Həziabad, Ağdaş, Sərhədabad, Əliabad, Məşədivəlli, Maşlıq, Privolnoye, Hamarqışlaq və Soyuqbulaq kəndlərinə təbii qazın verilməsi bərpa olunub, daha 5000 ailə “mavi yanacaq”la təmin edilib.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov rayonda görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb, qarşıda duran vəzifələri diqqətə çatdırıblar.