REGİONLAR
Cəlilabadda payızlıq kartof əkilir
Cəlilabad, 19 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadlı fermerlər kartofdan il ərzində iki dəfə məhsul götürürlər.
AZƏRTAC xəbər verir ki, havaların isti keçməsinə baxmayaraq, rayonda kartofçuluqla məşğul olan fermerlər payızlıq əkinə başlayıblar.
Payızlıq kartof əkini yay aylarında aparıldığı üçün daha çox zəhmət tələb edir. Torpaq qatını yumşaltmaq üçün əvvəlcə sahələr suvarılır və yalnız bundan sonra əkin aparılır. Toxumları isti havanın təsirindən qorumaq üçün sahələri tez-tez suvarmaq lazım gəlir.
Bütün bu çətinliklərə görədir ki, rayonda payızlıq kartof əkininə heç də hamı maraq göstərmir. Amma yay mövsümündə zəhmət çəkənlər bunun bəhrəsini də görürlər. Məhsul istehsalçılarının sözlərinə görə, havaların mülayim keçəcəyi təqdirdə payızlıq kartofdan bol məhsul əldə etmək olar.
Adətən qış aylarına doğru bazarlarda yerli kartofa tələbat artdığından qiymətlər də fermerləri qane edəcək səviyyədə olur.