REGİONLAR
Cəlilabadda quşçuluq fermasına baxış zamanı 30-dan çox at cəmdəyi aşkarlanıb
Bakı, 30 mart, AZƏRTAC
Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul şəxs aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, martın 30-da məlumat əsasında Xidmətin mütəxəssislərinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən kənar, xəstəliyə şübhəli, kəsim üçün hazırlanmış 32 baş müxtəlif yaş qrupundan olan at və təzə kəsilmiş 31 baş atın daxili orqanları və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş atların baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri aşkar olunub. Eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilib. Həmçinin köhnə quşçuluq fermasında kəsim üçün primitiv quraşdırılmış müxtəlif alət və ləvazimatlar antisanitar vəziyyətdə olub.
Saqif Abbasov burada antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub. Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında kəsilmiş atların daxili orqanlarından və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Fermanın həyətində xüsusi qazılmış çalaya atın müxtəlif orqanları yığılaraq qanuna uyğun şəkildə zərərsizləşdirilib.
Xatırladaq ki, bu, Abbasov Saqif Tərlan oğlunun ilk əməli deyil. Alınan məlumata görə, Abbasov Saqif xeyli müddətdir bu işlə məşğul olub. Həmçinin bu il martın 17-də də Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində hüquq-mühafizə orqanları tərəfindən onun idarə etdiyi “QAZel" markalı 90-DG-562 dövlət nömrə nişanlı yük avtomobilində 1220 kiloqram yararsız ətlər aşkarlanıb.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin nümunələrin hamısının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at və iribuynuzlu heyvan əti (41 nümunədən 27-nin at, 14-nün isə iribuynuzlu heyvan əti) olması müəyyənləşdirilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş atlardan götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.