REGİONLAR
Cəlilabadda xüsusi istedadlı şagirdlər üçün rəssamlıq şöbəsi fəaliyyətə başlayıb
Cəlilabad, 24 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda Türkiyənin Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan təmsilçiliyinin SEDET ART Rəsm Akademiyasının yeni şöbəsi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə tanınmış rəssam, UASB-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Nəvai Mətin, Əməkdar Rəssam Asif Azərelli, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və məktəbli rəssamlar iştirak ediblər.
Tədbirdə çıxış edən UASB-nin Azərbaycan üzrə təmsilçisi Nəvai Mətin qurumun fəaliyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Qeyd olunub ki, 10 ildən artıq fəaliyyəti müddətində 32 dövlətdə nümayəndəliyini yaradan Birliyin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaqdır.
Bildirilib ki, bir ildən artıq müddətdə Azərbaycanda nümayəndəliyini yaradan Birliyin fəaliyyət istiqamətlərindən biri də bölgələrdə rəssamlıq bacarığı olan şagirdlərin püxtələşməsinə kömək etməkdir.
Daha sonra qonaqlar məktəbli rəssamların müxtəlif janrlarda çəkilmiş əl işləri ilə tanış olublar.
Cəlilabadlı rəssamların sənət əsərlərini yüksək qiymətləndirən qonaqlar bu şöbənin yaradılmasının cənub bölgəsində gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli rol olacağını bildiriblər.