REGİONLAR
Cəlilabadın Göytəpə şəhər sakini qeyri-adi velosiped düzəldib VİDEO
Cəlilabad, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun Göytəpə şəhər sakini Bəhruz Hüseynovun düzəltdiyi minik vasitəsi görənlərin təəccübünə səbəb olur.
AZƏRTAC xəbər verir ki, B.Hüseynov velosipedin konstruksiyasını dəyişərək onu üç təkərli formaya salıb, minik vasitəsinə yük qoşqusu da əlavə edərək əhaliyə taksi xidməti gösərir. Qoşqulu minik vasitəsinin çəkisi 40 kiloqramdır, onunla 200 kiloqram yük daşımaq mümkündür.
B.Hüseynov bildirib ki, əvvəllər dükan-bazardan alış-veriş edərkən aldıqlarını evə aparmaqda çətinlik çəkirmiş. Məhz bu səbəbdən sözügedən velosipedi düzəltmək qərarına gəlib.
Velosipedin əsas özəlliyi isə avtomobillərin hərəkət edə bilmədiyi yerlərdə yükü daşıya bilməsidir. Elə buna görə də şəhər sakinləri bu xidmətdən lazımınca yararlanırlar.
B.Hüseynov bir aya yaxındır ki, 200 manata başa gələn bu velosipedlə ailəsinə çörəkpulu qazanır. Bu yükdaşıma vasitəsinin əsas üstünlüyü onun yanacaqsız işləməsi və işin daha ucuz başa gəlməsidir.