REGİONLAR
Cəlilabadın üzüm bağlarındakı məhsul bolluğu yerli bazarlarda qiymətlərə də təsir edir
Cəlilabad, 21 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunun üzüm bağlarında məhsul yığımı davam edir. Yığımın ilkin mərhələsində “Kardinal” üzüm növünün yığımını həyata keçirən məhsul istehsalçıları, bir neçə gündür “Kişmiş” növünün yığımına başlayıblar.
AZƏRTAC xəbər verir ki, rayonun üzümçülüklə məşğul olan fermerləri “Kənd təsərrüfatı ili”ndə bol məhsul yetişdiriblər. Əlverişli hava şəraiti və aqrotexniki tədbirlərin vaxtında görülməsi məhsuldarlığa müsbət təsirini göstərib. Ötən illə müqayisədə üzümçülükdə məhsuldarlıq iki dəfə artıb.
Rayonun üzüm bağlarında məhsul bolluğu yerli bazarlarda qiymətlərə də təsir edir. Qiymətlər məhsul istehsalçılarını qane etməsə də, alıcıların ürəyincədir. Hazırda üzümün kiloqramı alıcılara 60-70 qəpiyə təklif edilir.
Cəlilabad rayonunda 1700 hektar üzüm bağı var. Bunun 800 hektarını texniki üzüm növləri təşkil edir. Bu il rayonda 200 hektar sahədə yeni üzümlüklərin salınması nəzərdə tutulur. Üzümçülüyün inkişafı nəzərə alınaraq 2006-cı ildə şərabçılıq zavodu istifadəyə verilib.