REGİONLAR
Cəlilabadlı sənətkar: İstəyirəm ki, əl işlərim gələcəkdə övladlarıma yadigar qalsın VİDEO
Cəlilabad, 12 yanvar, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad şəhər sakini, ixtisasca ingilis dili müəllimi olan 68 yaşlı Yusif Əliyev maraqlı əl işləri ilə tanınır. O, uzun illərdir tərəvəz və meyvə toxumlarından müxtəlif əl işləri düzəldir.
AZƏRTAC xəbər verir ki, bitki toxumlarından ilk əl işini hələ 10-cu sinifdə oxuyarkən hazırlayıb.
Yusif müəllim əl işlərini düzəldərkən xammal kimi əsasən tərəvəz və meyvə toxumlarından istifadə edir. O, daha çox illüstrasiya, kompozisiya və portret janrlarında əsərlər yaradır. Həmçinin istifadəyə yararsız məişət əşyalarından da müxtəlif əl işləri hazırlayır. Məsələn, onun istifadə olunmuş birdəfəlik üzqırxanlardan düzəltdiyi əl işinə baxarkən təəccüblənməyə bilmirsən.
O, bu işə hobbi kimi yanaşsa da, əl işlərini satmır. “Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretlərini, eləcə də illüstrasiyaların bir çoxunu almaq istəyənlər olub, amma satmamışam. İstəyirəm ki, əl işlərim gələcəkdə övladlarıma yadigar qalsın”, - deyə Y.Əliyev bildirib.
Qeyd edək ki, Yusif müəllimin əl işlərindən ibarət əsərlər bir neçə dəfə Cəlilabad Dövlət Rəsm Qalereyasında da sərgilənib.