İDMAN
Cəmaləddin Maqomedov: Hesabda 6 xal geriyə düşsəm də, qələbə qazanacağıma şübhəm yox idi
Bakı, 21 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC
Final görüşü çox gərgin keçdi. Əvvəlcə 2:0 hesabı ilə irəli çıxdım. Sonra ani bir məqamda qırılma oldu və rəqib ardıcıl 8 xal qazandı. Buna baxmayaraq, hesabı yenidən öz xeyrimə dəyişəcəyimə heç bir şübhəm yox idi. Çünki əvvəllər də bu rəqibimi məğlub etmişdim. Ona görə sakit idim və bilirdim ki, gec-tez vəziyyəti xeyrimə dəyişəcəyəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi sərbəst güləşçimiz Cəmaləddin Maqomedov söyləyib. Yarımfinal görüşünün çox ağır keçdiyini bildirən İslamiadanın çempionu deyib: “İranlı rəqibimi tanıyırdım. Dünya çempionudur. Bütün qüvvəmi Sadıqzadə ilə görüşə kökləmişdim, ona görə də rahat qələbə qazandım”.
Təcrübəli güləşçimiz əlavə edib ki, bu ayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatına qatılmaq istəməyib. Bütün diqqətini Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəltməyi düşündüyünü bildirən Cəmaləddin Maqomedov deyib: “Məşqçilərin təkidi ilə hər iki yarışda iştirak etmək qərarına gəldim. Serbiyada ikinci yer tutdum, burada isə qalib oldum. Məşqçilərimə təşəkkür edirəm. Həqiqətən də onlar mənə düz yol göstərdilər”.
Qarşıdakı hədəfləri barədə də danışan güləşçimiz bildirib : “İyulda Bakıda Qızıl Qran-pri yarışı keçiriləcək. Bu, çox mötəbər yarışdır. Azərbaycan paytaxtına güclü güləşçilər gələcək. Avqustda isə Parisdə dünya çempionatı təşkil olunacaq. Mən dünya çempionatlarında gümüş və bürünc medallar qazanmışam. İndi isə məqsədim dünya çempionu olmaqdır”.