CƏMİYYƏT
Cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişdirilməsi peşə məktəblərinə marağı artıracaq
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ELS-Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsinə həsr olunan “dəyirmi masa” keçirilib.
Layihənin rəhbəri İradə Yaqubova deyib ki, layihənin məqsədləri ilk peşə təhsilinə icma üzvlərinin marağını artırmaq, regionlarda peşə məktəbi-orta məktəb əlaqələrini təkmilləşdirmək, peşələrə münasibəti köklü dəyişmək və digər proqramları reallaşdırmaqdır. Layihə çərçivəsində Salyan, Cəlilabad və Bərdə rayonlarında ilk peşə təhsili ilə bağlı monitorinqlər keçirilib, peşəkarlarla videoçarxlar çəkilib.
Qeyd edilib ki, cəmiyyətdə peşə təhsilinə münasibətin dəyişdirilməsi gənclərin peşə məktəblərinə maraq və inamlarının artırılmasına kömək edəcək. Həmçinin orta məktəblərlə ilk peşə məktəbləri arasında əlaqələr gücləndirilməlidir.
Ekspert Orxan Cabbarlı peşə təhsilinin təbliğinin gücləndirilməsinin zəruriliyini qeyd edib, müəyyən ixtisaslarla bağlı şagirdlərdə təəssürat yaratmaq məqsədilə layihə çərçivəsində videoçarxların hazırlandığını söyləyib. Nəzərə çatdırılıb ki, layihənin yekunu olaraq “Facebook”da ictimai müzakirələrə yol açan “Peşə mənim fəxrimdir” səhifəsi yaradılacaq.