DÜNYA
“Cenevrə-2” konfransının formatı rəsmi Dəməşqi qane etmir VİDEO
Bakı, 23 yanvar (AZƏRTAC). Çərşənbə günü İsveçrənin Montre şəhərində Suriya münaqişəsinin həllinə dair sülh danışıqları başlamışdır. Dünya KİV-lərində “Cenevrə-2” konfransının birinci günü ilə bağlı müxtəlif fikirlər yer almışdır.
AZƏRTAC İnterfaks agentliyinə istinadla xəbər verir ki, münaqişənin dinc yollarla həllinin tapılması istiqamətində ilk addım atıldığını qeyd edən BMT-nin Baş katibi Pan Qi Mun növbəti belə addımın yanvarın 24-də atılacağına ümid bəslədiyini bildirmişdir.
Xatırladaq ki, həmin gün rəsmi Dəməşq ilə Suriya müxalifətinin nümayəndələri arasında birbaşa danışıqların aparılması planlaşdırılır.
Rəsmi Dəməşq isə öz növbəsində konfransın formatından narazıdır. Suriya hökumətinin BMT-dəki keçmiş təmsilçisi Bəşər Cəfərinin fikrincə, konfransa İranın dəvət edilməməsi, Cenevrəyə yalnız Suriya əleyhdarı olan ölkələrin toplaşması görüşün formatına subyektiv yanaşmanın sübutudur.
Suriya müxalifətinin nümayəndə heyətinin başçısı Əhməd Carba da Montredə keçid hökumətinin yaradılması ilə bağlı razılaşmanın baş tutacağına inanmır. Onun sözlərinə görə, Bəşər Əsədin keçid hökumətinin təşkilində iştirakı qəbuledilməzdir.
Bu mövqeyin rəsmi Vaşinqton tərəfindən də dəstəkləndiyini bildirən ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Suriyaya hava zərbələri endirmək planlarından vaz keçmədiyini söyləmişdir.